YouTube Ads + Demand Gen: mövsümi tələbin yüksək olduğu dövrlər üçün full-funnel strategiyası

Videoreklamın effektivliyi yalnız əhatə dairəsindən deyil, kampaniyaların marketinqin müxtəlif mərhələlərində nə dərəcədə əlaqəli şəkildə işləməsindən də asılıdır. YouTube brendi daha geniş auditoriyaya tanıdır, Demand Gen məhsula marağı artırır, Search isə istifadəçi artıq axtarmağa, müqayisə etməyə və alış qərarı verməyə hazır olduğu zaman prosesə qoşulur. Bu alətlərin birlikdə istifadəsi ilk təmasdan konversiyaya qədər daha ardıcıl müştəri səyahəti formalaşdırmağa imkan verir.

Sen 14, 2026 18 dəqiqə 126 baxış
Kampaniyaların optimallaşdırılması Bələdçi / Təlimat Orta
Article cover

 

Mövsümi tələbin yüksək olduğu dövrlərdə — məsələn, Back-to-School, Black Friday, Cyber Monday, Yeni il öncəsi bayram endirimləri və digər böyük ticarət hadisələri zamanı — alıcılar nadir hallarda ilk reklam təmasından birbaşa alışa keçirlər. Onlar əvvəlcə YouTube-da məhsullarla tanış olur, müxtəlif variantları araşdırıb müqayisə edir və yalnız bundan sonra konkret brendi, məhsulu və ya təklifi axtarmağa başlayırlar. Marketinqin son mərhələsinə yönəlmiş kampaniyalar artıq formalaşmış tələbi əhatə etməyə kömək edir, lakin yeni tələbin yaradılması üçün hər zaman kifayət etmir.

 

Kompleks strategiyada YouTube Ads, Demand Gen və Search kampaniyaları fərqli, lakin bir-birini tamamlayan funksiyalar yerinə yetirir. YouTube brend tanınmasını artırır və maraq göstərən istifadəçilərdən ibarət auditoriyaların formalaşmasına imkan yaradır. Demand Gen fərdiləşdirilmiş vizual reklamlarla məhsula marağı gücləndirir. Search isə alıcının artıq konkret təklif axtarmağa və hədəf hərəkətini həyata keçirməyə hazır olduğu mərhələdə prosesə qoşulur. Tanınmanın gücləndirilməsindən hərəkətlərin stimullaşdırılmasına qədər marketinqin bütün mərhələlərinə investisiya edən brendlər yalnız marketinqin son mərhələlərinə fokuslanan reklamverənlərlə müqayisədə 67% daha yüksək ROI əldə edirlər.

Marketinqin ilk mərhələsi: YouTube Ads vasitəsilə əhatə dairəsinin genişləndirilməsi və brend tanınmasının artırılması

Marketinqin ilk mərhələsində əsas məqsəd son klik deyil, alıcılar məhsulları müqayisə etməyə və ya konkret təklif axtarmağa başlamazdan əvvəl brend tanınmasını formalaşdırmaqdır. Bu yanaşma xüsusilə yüksək tələbat dövrlərində vacibdir. Çünki belə vaxtlarda çoxsaylı reklamverənlər məhdud müddət ərzində eyni auditoriyanın diqqəti və tələbi uğrunda rəqabət aparırlar.

Video Reach Campaigns geniş əhatə dairəsinə malik formatları – in-stream ads, bumper ads və Shorts ads-i – birləşdirərək müştəri səyahətinə daha erkən mərhələdə qoşulmağa imkan verir. Hər bir yerləşdirməni ayrıca media alışı kimi idarə etmək əvəzinə, reklamverənlər effektiv CPM əsasında unikal əhatə dairəsini maksimuma çatdırmaq üçün Google AI imkanlarından yararlana bilərlər.

Bu yanaşmanın effektivliyini reklam kampaniyalarının nəticələri də göstərir. Reklamverənlər hərəkətə yönəlmiş videolara brend videoları əlavə etdikdə, unikal əhatə dairəsi orta hesabla 134% artıb. Reklamverənlərin yarıdan çoxu əlavə Search Lift də əldə edib və bu göstəricidə median artım 25% təşkil edib. Nəticələr göstərir ki, brend tanınmasının artırılmasına yönəlmiş kampaniyalar yalnız auditoriyanın əhatə dairəsini genişləndirmir, həm də əlavə tələb formalaşdırır. Sonrakı mərhələlərdə isə bu tələbi Demand Gen və Search kimi alətlər vasitəsilə konversiyaya çevirmək mümkündür.

 

Awareness məqsədinə uyğun format seçin

Müxtəlif reklam formatları YouTube strategiyasının fərqli mərhələlərində müxtəlif funksiyalar yerinə yetirir:

• Skippable in-stream ads mövsümi mesajı çatdırmaq, məhsulun üstünlüklərini izah etmək və ya onun istifadəsini nümayiş etdirmək üçün daha geniş vaxt imkanı yaradır.
• Six-second bumper ads brend, kateqoriya, məhsul üstünlüyü və ya xüsusi təkliflə bağlı yaddaqalan mesajı qısa və effektiv şəkildə möhkəmləndirməyə kömək edir.
• YouTube Shorts ads isə mobil auditoriyanın diqqətini cəlb edən qısa hook-lardan, şaquli storytelling-dən və mobil mühit üçün uyğunlaşdırılmış məhsul nümayişlərindən istifadə edir.

Reklamverənin məqsədi yalnız bir universal format seçmək deyil, müxtəlif videokreativlərdən ibarət çevik dəst formalaşdırmaqdır. Bu yanaşma kampaniyanın müxtəlif ekranlarda daha geniş auditoriyaya çatmasına və fərqli baxış ssenarilərini nəzərə almasına imkan verir.

  

Əhatə dairəsini nümayiş tezliyini nəzərə alaraq planlaşdırın

“Nielsen” MMM-in təhlilinə əsasən, YouTube-da reklam nümayişlərinin 88%-i həftəlik orta tezliyin 1–5 təmas arasında olduğu diapazonda baş verib. Bu yanaşma brendlərə nümayişləri yalnız dar auditoriya seqmentində cəmləşdirmək əvəzinə, televiziya məzmunundan daha az istifadə edən və ya ümumiyyətlə istifadə etməyən auditoriyalar arasında əhatə dairəsini genişləndirməyə imkan verir.

Lakin effektiv kampaniya üçün yalnız əhatə dairəsinin artırılması kifayət etmir. Təhlillərə görə, YouTube-da həftəlik optimal tezliyin median göstəricisi 2,7 olub. Araşdırılan brendlərin yarıdan çoxunda isə optimal diapazon 2,7-3,5 arasında dəyişib. Bu rəqəmlər universal norma kimi deyil, media planlaşdırılması üçün istiqamətləndirici göstəricilər kimi nəzərdən keçirilməlidir. Optimal tezlik kateqoriyadan, kampaniyanın müddətindən, kreativin keyfiyyətindən və bazardakı rəqabət mühitindən asılı olaraq dəyişə bilər.

Mövsümi tələbin yüksək olduğu dövrlərdə optimal nümayiş tezliyi daha yüksək ola bilər. Pik satış dövrlərində pərakəndə kampaniyalarının maksimum ROI əldə etməsi üçün tezliyin standart səviyyə ilə müqayisədə iki dəfə artırılması tələb oluna bilər. Buna görə reklamverənlər nümayiş tezliyini kampaniyanın real nəticələrinə, məhsul kateqoriyasına, kampaniyanın müddətinə və rəqabətin intensivliyinə əsasən tənzimləməlidirlər.

YouTube-da daha yüksək nümayiş tezliyi digər media kanallarında auditoriyanın reklama həddindən artıq məruz qalması demək deyil. Meridian YouTube-u televiziya və digər media kanalları ilə birlikdə təhlil etməyə imkan verir. Bu isə reklamverənlərə hər bir kanalın ümumi nəticəyə töhfəsini qiymətləndirməyə və media miksində əhatə dairəsi, tezlik və büdcə bölgüsü üçün daha səmərəli ssenarilər müəyyənləşdirməyə kömək edir.

 

Awareness kampaniyalarının nəticələrindən marketinqin növbəti mərhələlərində istifadə edin

YouTube-dakı reklam nümayişləri marketinqin növbəti mərhələlərində istifadə edilə bilən baxış və qarşılıqlı əlaqə siqnalları da formalaşdırır. Bu auditoriyalar kommunikasiya brend tanınmasından konkret məhsula marağın formalaşdırılmasına keçdikdə Demand Gen kampaniyalarında istifadə edilə bilər.

 

Bu səbəbdən ölçmə sistemi yalnız CPM və ümumi əhatə dairəsi ilə məhdudlaşmamalıdır. Brand Lift brend tanınması və reklamın yadda qalmasında baş verən dəyişiklikləri qiymətləndirməyə, Search Lift isə reklamın əlavə axtarış marağı yaradıb-yaratmadığını müəyyənləşdirməyə imkan verir. Bu ölçmə alətlərindən istifadə üçün müəyyən tələblər, o cümlədən bazardan asılı olaraq dəyişən minimum büdcə şərtləri mövcuddur. Bundan əlavə, Search Lift Google Ads hesablarının hamısında əlçatan deyil.

Bu tələblərə cavab verməyən reklamverənlər dolayı göstəricilərdən (proxy metrics) – istifadə edə bilərlər. Unikal əhatə dairəsi, orta həftəlik tezlik, view rate, video completion rate, engaged-view conversions, view-through conversions, brend üzrə axtarış sorğularının həcmi, birbaşa trafik və əlaqəli konversiyalar videokampaniyanın nəticələrini qiymətləndirmək üçün faydalı göstəricilərdir. Onlar nəzarət olunan lift araşdırmalarını əvəz etməsə də, videonun diqqət cəlb edib-etmədiyini və marketinqin növbəti mərhələləri üçün əlavə tələbin formalaşmasına töhfə verib-vermədiyini anlamağa kömək edir.

Ölçmə sistemi özlüyündə zəif kreativin nəticələrini kompensasiya edə bilməz. Əhatə dairəsi və nümayiş tezliyi auditoriyanın diqqətini cəlb etmək üçün imkan yaradır, lakin məhz videokreativ istifadəçinin brendi yadda saxlayıb-saxlamayacağını və formalaşan auditoriya siqnallarının müştəri səyahətinin növbəti mərhələsi üçün nə dərəcədə keyfiyyətli olacağını müəyyən edir.

YouTube lazımi əhatə dairəsini və auditoriya cəlb olunmasını təmin etdikdən sonra Demand Gen bu siqnallardan istifadə edərək istifadəçini brend haqqında ilkin məlumatlılıq mərhələsindən konkret məhsulların nəzərdən keçirilməsi mərhələsinə keçirə bilər.

 

YouTube-dakı diqqəti Demand Gen vasitəsilə alış niyyətinə necə çevirmək olar?

YouTube brendin tanınmasını artırır və yadda qalmasını gücləndirir, Demand Gen kampaniyaları isə əldə edilmiş diqqəti məhsula marağa çevirməyə kömək edir.  Onlar cəlb olunmuş auditoriyalara təkrar müraciət edir və Shorts ads daxil olmaqla YouTube-da, həmçinin Discover, Gmail, Maps və Google Display Network-də vizual və məhsul reklamları vasitəsilə yüksək konversiya potensialına malik yeni istifadəçiləri əhatə edir.

 

First-party data ilə remarketinq çərçivələrindən kənara çıxın

Demand Gen kampaniyalarını yalnız retargetinq aləti kimi qiymətləndirmək düzgün deyil. Customer Match, saytın remarketinq auditoriyaları, GA4 auditoriyaları və YouTube kanalının istifadəçi siyahıları həm birbaşa aktivləşdirilə, həm də auditoriyanın genişləndirilməsi üçün ilkin siqnallar kimi istifadə oluna bilər.

Optimized Targeting bu siqnallardan istiqamətləndirici göstəricilər kimi yararlanır, lakin yüksək konversiya ehtimalı olan əlavə istifadəçiləri tapmaq üçün seçilmiş seqmentlərin hüdudlarından kənara çıxa bilir. First-party data əsasında formalaşdırılmış keyfiyyətli ilkin auditoriyalarla birlikdə Optimized Targeting tətbiqi müqayisə edilə bilən xərclərlə təxminən 20% daha çox konversiya əldə etməyə imkan verib. Lookalike segments mövcud müştərilərə və ya sayt ziyarətçilərinə oxşar xüsusiyyətlərə malik yeni istifadəçilərin müəyyənləşdirilməsinə, New Customer Acquisition isə potensial yeni müştərilərə fokuslanmağa kömək edir.

Aktiv mövsümi tələb dövrlərində, o cümlədən Back-to-School, Black Friday, Cyber Monday və bayram endirimləri zamanı faydalı siqnallar “YouTube”da tematik videoların baxışları, müvafiq məhsul kateqoriyalarına və məhsul səhifələrinə keçidləri, bir il əvvəl oxşar mövsümi dövrdə edilmiş alışlar, həmçinin tamamlanmamış sifarişlər ola bilər.

 

Auditoriyanı brend tanınmasından məhsul seçiminə yönəldin

Demand Gen kreativləri YouTube-da başladılan hekayəni davam etdirməli, lakin istifadəçinin növbəti mərhələdə verdiyi daha konkret suala cavab verməlidir: hansı məhsul və ya təklif məhz mənim ehtiyacıma uyğundur?

Effektiv kreativ dəstinə aşağıdakılar daxil ola bilər:

• nümayişlər, müqayisələr və istifadə ssenariləri üçün videolar;
• konkret məhsulu və ya üstünlüyü ön plana çıxaran birşəkilli reklamlar;
• kolleksiyaların və dəstlərin təqdimatı, eləcə də kateqoriyaların müqayisəsi üçün karusel reklamları;
• daha nativ və autentik tövsiyələr üçün creator assets;
• məhsulların fərdiləşdirilmiş şəkildə nümayişi üçün product feeds.

Google müxtəlif kreativ formatlarının birləşdirilməsini tövsiyə edir. Demand Gen kampaniyalarında video və şəkillərdən eyni vaxtda istifadə edən reklamverənlər yalnız şəkillərdən istifadə edən kampaniyalarla müqayisədə hər yatırılan dollara görə 6% daha çox konversiya əldə ediblər. Müxtəlif yerləşdirmələrdə effektiv nümayişi təmin etmək üçün kreativ dəstinin şaquli, kvadrat və üfüqi formatları əhatə etməsi tövsiyə olunur.

Creator Partnerships Boost müəlliflərin videolarını birbaşa Demand Gen vasitəsilə təbliğ etməyə və auditoriya ilə daha autentik ünsiyyət qurmağa imkan verir. Google-un araşdırmasına görə, brend kreativlərinin creator assets ilə birləşdirilməsi yalnız brend materiallarından istifadə ilə müqayisədə 15%-dən çox əlavə konversiya ilə nəticələnib.

 

Alış yolunu qısaltmaq üçün product feeds-dən istifadə edin

Merchant Center-dən daxil olan product feeds Demand Gen kampaniyalarına hər bir istifadəçinin maraq və alış niyyətinə uyğun məhsulları dinamik şəkildə nümayiş etdirməyə imkan verir. Product feeds-in Demand Gen kampaniyalarına əlavə edilməsindən sonra reklamverənlər orta hesabla eyni CPA səviyyəsini qorumaqla 33% daha çox konversiya əldə ediblər.

Məsələn, Back-to-School mövsümündə bu yanaşma istifadəçini geniş mövsümi məzmundan konkret məhsula – noutbuka, geyim dəstinə, bel çantasına və ya məktəb ləvazimatları kolleksiyasına – yönləndirməyə imkan verir. Promotion Assets endirim və xüsusi təklifləri ön plana çıxara, Checkout Links isə bu funksiya mövcud olan bazarlarda alışa hazır istifadəçiləri birbaşa sifarişin rəsmiləşdirilməsi mərhələsinə yönləndirərək əlavə addımları azalda bilər.

YouTube-dakı cəlbetmə siqnallarını, first-party data-nı, müxtəlif kreativ formatlarını və fərdiləşdirilmiş məhsul təkliflərini birləşdirən Demand Gen auditoriyanı brend haqqında məlumatlılıq mərhələsindən məhsulun aktiv nəzərdən keçirilməsi (conversation) mərhələsinə keçirir. Növbəti mərhələ isə YouTube və Demand Gen kampaniyalarını vahid müştəri yolu çərçivəsində əlaqələndirməkdir.

 

Brend yaddaşından məhsula marağa: YouTube və Demand Gen-i necə əlaqələndirmək olar?

İstifadəçilər brend haqqında məlumat əldə etdikdən sonra avtomatik olaraq konversiyaya keçmirlər. Reklamla ilk təmasdan sonra onlar bazarı araşdırır, təklifləri müqayisə edir və öz ehtiyaclarını dəqiqləşdirirlər. Buna görə də brend yalnız bir nümayişin alış üçün kifayət edəcəyinə ümid etməməlidir. Marketinqin orta mərhələsində auditoriya ilə əlaqəni qorumaq, məhsula marağı ardıcıl şəkildə inkişaf etdirmək və istifadəçini tanışlıqdan şüurlu seçimə doğru yönləndirmək vacibdir.

 

Əlaqəli customer journey necə işləyir?

Mövsümi tələbin yüksək olduğu dövrdə tipik müştəri yolunu (customer journey) üç mərhələdə nəzərdən keçirmək olar:

 

• YouTube brend yaddaşını formalaşdırır.

İstifadəçi in-stream, bumper və ya Shorts reklamları vasitəsilə məhsul və ya mövsümi təkliflə tanış olur. Video Reach Campaigns və Video View Campaigns alıcının məhsulları aktiv şəkildə müqayisə etməyə başlamasından əvvəl brend tanınmasını və yadda qalmasını gücləndirir.

• Demand Gen mesajı fərdiləşdirir.
Daha sonra istifadəçi YouTube, Discover və ya Gmail-də karusel, video və ya məhsul reklamları ilə qarşılaşa bilər. Bu mərhələdə məqsəd brend tanınmasını artıran eyni mesajı təkrarlamaq deyil. Demand Gen konkret məhsul kateqoriyalarını, üstünlükləri, dəstləri və xüsusi təklifləri ön plana çıxararaq istifadəçini nəzərdən keçirmə mərhələsinə yaxınlaşdırır.

• Search ifadə olunmuş niyyəti konversiyaya çevirir.
İstifadəçi konkret məhsulu, satıcını, qiyməti və ya təklifi axtarmağa başladıqda, marketinqin son mərhələsindəki Search kampaniyaları artıq formalaşdırılmış tələbi qarşılayır. Beləliklə, YouTube və Demand Gen istifadəçidə maraq və niyyətin formalaşmasına, Search isə həmin niyyətin konversiyaya çevrilməsinə xidmət edir.

Əsas full-funnel məntiqi məhz bundan ibarətdir: YouTube brendlə tanışlığı formalaşdırır, Demand Gen bu tanışlığı məhsula marağa çevirir, Search isə açıq şəkildə ifadə olunan tələbi konversiyaya yönəldir.

 

Rolları koordinasiya edin, eyni kampaniyanı təkrarlamayın

YouTube və Demand Gen vahid strateji hekayəni dəstəkləməli, lakin fərqli mesajlardan və optimallaşdırma məqsədlərindən istifadə etməlidir. YouTube mövsümi kontekst yaradır və brendin yadda qalması üçün zəmin formalaşdırır. Demand Gen isə bu konteksti konkret məhsul və təkliflər səviyyəsinə keçirərək istifadəçini növbəti addıma yönəldir və hərəkətə çağırışı gücləndirir.

Auditoriya siqnalları da bu iki mərhələ arasında əlaqə yaratmalıdır. YouTube-dakı qarşılıqlı əlaqə məlumatları və first-party data Demand Gen kampaniyalarında auditoriya siqnalları kimi istifadə oluna bilər. Süni intellekt əsaslı auditoriya genişləndirilməsi isə kampaniyanın mövcud auditoriyadan kənara çıxaraq yüksək konversiya potensialına malik əlavə istifadəçiləri müəyyənləşdirməsinə kömək edir. Beləliklə, ayrı-ayrı reklam yerləşdirmələrinin ardıcıllığından daha çox, istifadəçinin tələbi formalaşdıqca aktuallığını qoruyan vahid marketinq sistemi yaranır.

Mövsümi tələbin yüksək olduğu dövrlərdə bu koordinasiya brendə konkret məhsul axtarışı formalaşmazdan əvvəl istifadəçinin müştəri yoluna qoşulmağa və alıcılar alternativləri müqayisə etdiyi zaman aktuallığını qorumağa imkan verir. Növbəti mərhələ bu əlaqəli müştəri yolunu kampaniyaların dəqiq müəyyən edilmiş rollarını, büdcə bölgüsünü, kreativ ardıcıllığını və ölçmə sistemini əhatə edən praktik mediaplana çevirməkdir.

 

Mediaplandan starta: YouTube + Demand Gen üçün praktik sxem

YouTube Ads və Demand Gen kampaniyalarının paralel işə salınması hər bir kanalın rolunun əvvəlcədən dəqiq müəyyənləşdirilməsini, büdcələrin məqsədlərə uyğun bölüşdürülməsini, eləcə də auditoriya ilə iş və nəticələrin ölçülməsi üçün ortaq siqnalların qurulmasını tələb edir. Bu alətlər vahid strategiyanın tərkib hissəsi kimi işləməli, lakin fərqli mərhələlər və nəticələr üçün optimallaşdırılmalıdır.

Müştəri cəlb etməyə yönəlmiş Demand Gen kampaniyaları üçün start dörd komponentdən başlayır: aydın CAC hədəfi, first-party data əsaslı aktual auditoriya siyahıları, diqqəti cəlb edən kreativlər və istifadəçinin bütün yolu boyu kompleks ölçmə.

 

Büdcəni hər bir kampaniyanın rolunu nəzərə alaraq bölüşdürün

Praktikada büdcənin YouTube Ads və Demand Gen arasında bölüşdürülməsi belə görünə bilər:

• YouTube Ads – 30%: Video Reach Campaigns (VRC) üçün 20%, Video View Campaigns (VVC) üçün 10%;
• 70% Demand Gen.

 

Search büdcəsi isə gözlənilən sorğu həcmi, CPC, konversiya hədəfləri və mövcud tələbin həcmi nəzərə alınmaqla ayrıca hesablanmalıdır. Beləliklə, 30/70 nisbəti bütün reklam xərclərinə deyil, yalnız YouTube Ads və Demand Gen-in ümumi büdcəsinə tətbiq olunur.

Bu nisbət universal düstur deyil, planlaşdırma üçün başlanğıc göstəricisidir. VRC əhatə dairəsini genişləndirməyə, VVC auditoriya ilə qarşılıqlı əlaqəni dərinləşdirməyə, Demand Gen isə məhsula marağı artırmağa və konversiyaları stimullaşdırmağa xidmət edir. VRC üçün reklamverənlər hədəf auditoriyanın 30-40%-nin əhatə olunmasını ilkin istiqamətləndirici göstərici kimi götürə bilərlər. Ümumi effektivlik isə əlaqəli konversiyalar, brend axtarışlarının həcmi, eləcə də hesab səviyyəsində CPA və ya ROAS kimi göstəricilər əsasında qiymətləndirilməlidir.

VRC, VVC, Demand Gen və Search-i əhatə edən tammiqyaslı arxitektura hər bir kampaniyanın sabit işləməsi və optimallaşdırma üçün kifayət qədər məlumat toplaması baxımından yetərli büdcə tələb edir. Məhdud büdcəyə malik reklamverənlər investisiyaları marketinqin bütün mərhələləri arasında həddən artıq parçalamamalıdırlar.

Bu halda daha praktik başlanğıc nöqtəsi fokuslanmış Demand Gen + Search strategiyası ola bilər: Demand Gen məhsula maraq formalaşdırır və auditoriyanı nəzərdən keçirmə mərhələsinə yaxınlaşdırır, Search isə artıq formalaşmış tələbi konversiyaya çevirir. VRC və VVC isə büdcə artdıqca, auditoriyanın miqyası genişləndikcə və kampaniyalar yetkinləşdikcə strategiyaya mərhələli şəkildə əlavə edilə bilər.

 

YouTube-u tapşırığa uyğun konfiqurasiya edin

VRC üç əsas konfiqurasiya variantı təklif edir:

• Efficient reach – CPM baxımından unikal əhatə dairəsini maksimum səmərəliliklə artırmaq üçün;
• Non-skippable reach – mesajın tam şəkildə çatdırılmasını təmin etmək üçün;
• Target frequency – təkrar təmasların sayına nəzarət etmək və Brand Lift nəticələrini dəstəkləmək üçün.

VRC üçün ilkin texniki göstərici kimi hədəf auditoriyanın 30–40%-nin əhatə olunması və həftə ərzində ən azı iki nümayiş nəzərə alına bilər. VVC isə baxışlar üçün optimallaşdırıldığından, eyni əhatə dairəsi və tezlik göstəricilərinin tətbiqi zəruri deyil. Eyni zamanda, ehtiyac olmadan çoxsaylı mövzuları, açar sözləri və yerləşdirmələri birləşdirməkdən çəkinmək lazımdır. Həddindən artıq dar hədəfləmə nümayiş həcmini məhdudlaşdıra və kampaniyanın sabit şəkildə yayımını çətinləşdirə bilər.

 

Vahid kreativ sistemi qurun

Kampaniyalar vahid vizual identikliyi qorumalı, lakin auditoriyanın səyahətinin müxtəlif mərhələlərinə uyğun fərqli mesajlar təqdim etməlidir:

• VRC: 6 saniyəlik videokreativlər və 15-20 saniyəlik çarxlar;
• VVC: məhsula və ya onun əsas üstünlüklərinə fokuslanan 10-60 saniyəlik product-led və ya benefit-led videolar;
• Demand Gen: video, şəkil, karusel, creator assets və product feeds formatları.

Demand Gen üçün hesab səviyyəsində ən azı 5 videodan ibarət kreativ dəsti, o cümlədən minimum bir şaquli video hazırlamaq tövsiyə olunur. Şəkillər isə üfüqi, kvadrat və şaquli formatlarda təqdim edilməlidir. Kreativ dəstinə ən azı bir mövsümi materialın və YouTube müəllifinin iştirakı ilə hazırlanmış bir kreativin daxil edilməsi də məqsədəuyğundur.

Üfüqi kreativlər şaquli və kvadrat versiyalarla tamamlanmalıdır. “Google”un məlumatına görə,  əvvəllər yalnız üfüqi formatlardan istifadə edən kampaniyalara şaquli videonun əlavə edilməsi Shorts reklamlarında VVC üçün VTR (View-Through Rate) göstəricisini 40%-dən çox, VRC üçün isə reklamın görünmə göstəricisini (viewability) 45%-dən çox artıra bilər.

Daha geniş mənada kreativ dəstinin tamlığı yalnız yüklənən materialların sayı ilə deyil, formatların, tərəf nisbətlərinin və videoların müddətinin müxtəlifliyi ilə müəyyən olunur. Belə yanaşma reklam inventarına çıxışı genişləndirir və alqoritmlərə kampaniyanı optimallaşdırmaq üçün daha çox imkan yaradır.

 

Kampaniyanı işə salmazdan əvvəl məlumatları əlaqələndirin

First-party data əsaslı auditoriyalar aktivləşdirmədən əvvəl hazırlanmalı, konversiya hədəfləri və atribusiya parametrləri isə kampaniyalar üzrə əvvəlcədən razılaşdırılmalıdır. Bu məlumatlardan Optimized Targeting və New Customer Acquisition kimi imkanlarda istifadə etmək mümkündür. Ölçmə sistemi əhatə dairəsi göstəricilərini və lift araşdırmalarının nəticələrini assosiativ konversiyalarla, eləcə də hesab səviyyəsində CPA və ya ROAS ilə əlaqələndirməlidir.

Daimi fəaliyyət göstərən kampaniyaların əsas arxitekturası qurulduqdan sonra reklamverənlər aktivləşdirmə müddətini, investisiyanın intensivliyini və reklam mesajlarını konkret mövsümi dövrün dinamikasına uyğunlaşdıra bilərlər.

 

Brendin erkən mərhələdə tanınmasından mövsümi tələb dövrlərində konversiyalara: praktiki təlimat

Bu yanaşmanı Back-to-School dövrü nümunəsində nəzərdən keçirək. Tədris ilinin başlanğıcı pərakəndə tələbin əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır. Lakin alış-veriş artıq yalnız mövsümün sonunda yaranan qısamüddətli satış artımı ilə məhdudlaşmır. Valideynlər daha uzun müddət ərzində alış-veriş edir və mövsüm yaxınlaşdıqca qiymətə daha həssas olurlar. Belə şəraitdə praktik yanaşma Create, Capture və Convert strategiyalarını əlaqəli şəkildə tətbiq etməkdir: brendin tanınmasını əvvəlcədən artırmaq, müvafiq məhsulları nəzərdən keçirilən seçimlər sırasına daxil etmək və alıcıların sorğuları konkretləşdikdə formalaşmış tələbi sürətlə konversiyaya çevirmək.

 

YouTube vasitəsilə tələb formalaşdırın

Məhsullarla bağlı axtarış tələbi pik həddə çatmamış YouTube vasitəsilə auditoriya ilə əlaqə qurmağa başlayın. Video Reach Campaigns valideynlər arasında brendin nəzərəçarpmasını artırmağa, Video View Campaigns isə icmallar, nümayişlər, müqayisələr və creator kontenti vasitəsilə məhsula marağı dərinləşdirməyə kömək edir. Bu mərhələdə əsas məqsəd alıcılar seçimlərini daraltmadan və qərarlarını əsasən qiymət əsasında verməyə başlamadan əvvəl brendin sabit şəkildə görünməsini təmin etməkdir.

Kampaniyaların intensivliyi vahid mövsümi təqvimə deyil, konkret kateqoriyada tələbin dinamikasına uyğunlaşdırılmalıdır. Məsələn, Almaniyada dərsliklərə tələbat daha erkən artır, uşaq geyimlərinə tələbat isə daha gec pik həddə çatır. Buna görə də büdcənin çevik idarə edilməsi bütün məhsul kateqoriyaları üçün eyni reklam qrafikindən istifadə etməkdən daha effektiv ola bilər.

 

Demand Gen vasitəsilə məhsula maraq formalaşdırın

Demand Gen-i ən rəqabətli dövr başlamazdan əvvəl aktivləşdirmək brendi əvvəlcədən nəzərdən keçirilən seçimlər sırasına daxil etməyə və reklam inventarı uğrunda rəqabət artmamış first-party data əsasında auditoriyalar formalaşdırmağa imkan verir. YouTube izləyicilərinin siyahıları, saytdakı aktivlik məlumatları, Customer Match və məhsullarla qarşılıqlı əlaqə məlumatları auditoriya siqnalları kimi istifadə edilə bilər. Daha sonra video, şəkil, karusel reklamları və product feeds vasitəsilə auditoriyaya daha konkret mesajlar çatdırmaq mümkündür. Bu ardıcıllıq çox əhəmiyyətlidir: “Google”un araşdırmasına görə, YouTube və ya Google xidmətlərində yeni məhsullar kəşf edən istifadəçilərin 86%-i bu platformalarla qarşılıqlı əlaqədən sonra əlavə addımlar atır. Bu göstərici məhsulla ilk tanışlıqdan qərar qəbuluna qədər auditoriya ilə ardıcıl kommunikasiyanın əhəmiyyətini göstərir.

 

Demand Gen-in mövsümi büdcəsinin mərhələli bölüşdürülməsi üçün aşağıdakı praktik modeldən istifadə etmək olar:

  • 20% – pik dövrdən 2-4 həftə əvvəl;
  • 30% – pikdən əvvəlki son 2 həftə ərzində;
  • 40% – iki həftəlik pik dövr ərzində;
  • 10% – pikdən sonrakı həftə ərzində.

 

Bu bölgü yerli tədris ilinin başlanma tarixləri, konkret kateqoriyada tələbin dinamikası, məhsulların mövcudluğu və kampaniyanın nəticələrinə əsasən uyğunlaşdırılmalıdır.

 

 

Search ilə daha konkret tələbi konversiyaya çevirin

Search bütün mövsüm ərzində YouTube və Demand Gen ilə paralel işləməlidir. Axtarış strategiyası yalnız geniş kateqoriya sorğuları ilə məhdudlaşmamalıdır. Qiymət, ölçü, davamlılıq, məhsulun mövcudluğu, çatdırılma şərtləri və konkret ehtiyaclara uyğunluqla bağlı daha spesifik sorğular da nəzərə alınmalıdır.

Ayaqqabı kateqoriyasında uzunmüddətli axtarış sorğularının sayının ildən-ilə 11% artması istifadəçilərin ümumi ifadələrdən, məsələn, məktəb ayaqqabısı kimi sorğulardan daha detallı və bir neçə seçim meyarını əhatə edən axtarışlara keçdiyini göstərir. Reklam mətnləri, product feeds və açılış səhifələri bu daha konkret ehtiyaclara mümkün qədər birbaşa cavab verməlidir.

Əsas üstünlük kampaniyaların bir-biri ilə sinxronlaşdırılması hesabına əldə olunur: YouTube brendin görünürlüğünü və tanınmasını artırır, Demand Gen məhsulları nəzərdən keçirilən seçimlər sırasına daxil edir, Search isə artıq formalaşmış və açıq ifadə olunmuş tələbi konversiyaya çevirir. Formalaşdırılmış auditoriyalar, kreativlərin effektivliyi ilə bağlı nəticələr və konversiya siqnalları daha geniş Q4 pərakəndə satış mövsümü çərçivəsində gələcək kampaniyaların planlaşdırılmasına da dəyərli məlumat verə bilər.

 

 

Nəticə: video marketinqin bütün mərhələləri üçün vahid yanaşma

Uğurlu videostrategiya YouTube və Demand Gen arasında seçim etməyi tələb etmir. Bu platformaların hər biri marketinqin fərqli mərhələsində öz rolunu yerinə yetirir. YouTube brendin tanınmasını və yadda qalmasını gücləndirir, eyni zamanda maraq göstərən istifadəçilərdən ibarət auditoriyaların formalaşmasına kömək edir. Demand Gen bu diqqəti fərdiləşdirilmiş videolar, şəkillər, karusel reklamları və məhsul reklam formatları vasitəsilə məhsula marağa və məqsədli fəaliyyətlərə çevirir. Search isə istifadəçi alış qərarına yaxınlaşdıqda artıq formalaşmış tələbi konversiyaya çevirir.

Ən uğurlu nəticələr hər bir kampaniyanın dəqiq müəyyən edilmiş rola malik olduğu, lakin bütün kampaniyaların eyni biznes məqsədi ətrafında birləşdiyi zaman əldə olunur. Bu yanaşma xüsusilə alıcıların məhsulla ilk tanışlıqdan variantların müqayisəsinə və alış qərarına sürətlə keçdiyi mövsümi dövrlərdə, o cümlədən Back-to-School mövsümündə əhəmiyyətlidir.

Brendlər videoreklamı marketinqin müxtəlif mərhələlərində artıq indidən sınaqdan keçirməli, nəticələri təhlil etməli və effektiv işləyən yanaşmaları genişləndirməlidirlər. Coob Ads reklamverənlərə YouTube və Demand Gen-in müasir imkanlarından istifadə etməyə, ölçmə sistemlərini təkmilləşdirməyə və biznes məqsədlərinə uyğun Google Ads full-funnel strategiyası qurmağa kömək edir.

Mövsümi tələbin artdığı dövrlər üçün full-funnel videostrategiyası hazırlamaq və genişləndirmək istəyirsinizsə, bizə yazın.

Bu məqalədə baxılan mövzu: